Gəncə şəhərində Müstəqillik Gününə həsr olunmuş kütləvi qaçış tədbiri keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş kütləvi qaçış tədbiri keçirilib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Gəlin birlikdə qaçaq" şüarı altında keçirilən yarışda respublikanın müxtəlif regionlarından olan 300-ə yaxın iştirakçı mübarizə aparıb. Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Samir Hüseynov qadınlarda isə Anna Yusupova mütləq çempion adını qazanıb.

40 yaşdan yuxarı kişilər arasında Vitali Davidov, qadınların mübarizəsində isə Ziba Xuduzadə finişə birinci gəliblər. 50 yaşdan yuxarı iştirakçılar arasında Yadigar Hüseynov və Gülçöhrə Dadaşova bütün rəqiblərini qabaqlayıblar. Yaşı 60-dan çox olan idmançılar arasında Tapdıq Dadaşov və Gülnarə İsmayılova fərqlənib. Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada Ümid İbrahimov və Nurtac Qarayevanın qələbəsi qeydə alınıb.

Ayxan Aslanov və Xədicə İbrahimova isə 600 metr məsafəyə qaçışda qalib olublar.

Müəllif: Bəhruz MƏMMƏDOV