Mariana Vasileva Kamerunlu qonağı ilə idman sahəsində əməkdaşlığı müzakirə etdi

Mayın 30-da gənclər və idman nazirinin müavini Mariana Vasileva Kamerun Milli Badminton Federasiyasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Engoulounu qəbul edib.

Qonağı salamlayan nazir müavini ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV