Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır

2024-cü il də tarixə çevrildi. Bütün dünyada qlobal problemlər və müharibələrlə, iqtisadi və siyasi böhranlarla yadda qalan il ölkəmiz üçün sabit və müxtəlif sahələrdə uğurlarla yadda qaldı. Ən böyük nəzəzrəçarpacaq nailiyyətlər isə idman sahəsində oldu.

2024-cü ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə Azərbaycan idmançılarının dünya arenalarında qazandıqları uğurlar bir daha xatırlandı. Cənab Prezident- İlham Əliyevin tədbirdəki çıxışını dinlədikcə hər birimiz idmandakı uğurlarımızdan dərin fərəh hissi keçirdik. İl ərzində Azərbaycan idmançılarının 1700 medal qazanmaları həqiqətən də böyük nailiyyət və mühüm idman hadisəsidir. Prezident İlham Əliyevin dediyi kimi bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman ölkəsi kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

Ümumiyyətlə, dünya Azərbaycanı bir neçə məsələyə görə daha yaxından tanıyır. Məsələn, beynəlxalq səviyyədə Azərbaycan deyəndə torpaqlarını döyüş yolu ilə işğaldan azad edən, enerji təhlükəsizliyi məsələlərində fəal rolu olan, qlobal problemlərin həllində yaxından iştirak edən, Cənubi Qafqazda lider mövqelərə malik dövlət yada düşür. Bunlarla yanaşı Azərbaycan dünyada həm də Olimpiya Hərəkatının vüsət aldığı idman ölkəsi olması ilə tanınır.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı həm də idman ölkəsinə çevirib.  Möhtərəm İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi respublikamızın idman həyatında müsbətə doğru dönüşün əsasını qoyub. Bunu həmin vaxtdan sonra keçirilən idman yarışlarında və Olimpiya Oyunlarında qazanılan medallar da təsdiq edir. Cənab İlham Əliyevin 2003-cü ildən respublikamıza rəhbərliyi isə idmanın yüksəlişində tamamilə yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu baxımdan Azərbaycanın inkişafının göstəricilərindən biri də idmandakı uğurlarımızdır.

Ölkəmizdə idmanın inkişafının əsas göstəricisi təbii ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayıdır. Demək olar ki, Azərbaycan idmançıları bir çox nüfuzlu və mötəbər idman yarışlarında qalib olaraq bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. O cümlədən dünyanın ən böyük idman turniri olan Olimpiya Oyunlarından idmançılarımız hər dəfə medallarla geri dönürlər. Bu il keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında da idmançılarımız xalqımızı sevindirdilər. Qazanılan 7 medal - 2 qızıl, 2 gümüş və 3 bürünc medal bir daha ölkəmizdə idmanın inkişafının təsdiqinə çevrildi, Prezident İlham Əliyevin idman siyasətinin təntənəsi oldu. Möhtərəm Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə idmançılarımızın bu il Olimpiya Oyunlarındakı uğurlu çıxışını tarixi nəticə kimi dəyərləndirib:

«Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir».

Əlbəttə, idmanda nailiyyətlərin əldə edilməsində dövlətin dəstəyi böyük rol oynayır. Bu dəstəyin əsas göstəricilərindən biri respublikamızda idman infrastrukturunun inkişaf etdirilməsi, yeni müasir və təkmil idman komplekslərinin yaradılmasıdır. Bu isə həm idmançılarımızın potensialının üzə çıxarılmasında, həm də onların beynəlxalq yarışlarda daha uğurlu çıxış etmələrində mühüm amildir. Məmnunluqla qeyd etməliyik ki, indiyədək respublikamızda 44 Olimpiya İdman Kompleksinin, yüzlərlə müxtəlif təyinatlı idman qurğusunun, stadionların inşa edilməsi idmanın inkişafına, beynəlxalq yarışlarda qazanılan medalların sayının daha da artmasına, yeniyetmə və gənc nəslin fiziki və mənəvi baxımdan sağlam vətəndaş kimi formalaşmalarına böyük töhfələr verib.

Diqqət və qayğı ilə əhatə olunan, günü gündən inkişaf edən idman növlərindən biri də Azərbaycan Üzgüçülük Federasiyasının tabeliyində olan su idman növləridir. Son 10 ildə istər üzgüçülükdə, istər su polosunda, suya tullanma və bədii üzgüçülükdə böyük dəyişikliklər edilib. Təkcə onu xüsusi vurğulamaq yerinə düşərdi ki, bu idman növləri üzrə idmançıların hər biri yerli gənclərdir. 2024-cü il Azərbaycan Üzgüçülük Federasiyası üçün də çox uğurlu saymaq olar. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1 - 4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və yeniyetmələr yarışında üzgüçülərimiz 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında ən yüksək nəticə göstərərək turnirin qalibi olublar və qızıl medallara layiq görülüblər. Bundan başqa fərdi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda 3 bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar. S. İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy ötən il 14-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib. Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla vətənə 6 medalla döndülər.

İlin son uğurunu isə 20-22 dekabr tarixlərində Estoniyanın Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatına qatılan üzgüçülərimiz qazanıb. Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük üzrə milli komandasının üzvləri vətənə 7 qızıl, 13 gümüş, 2 bürünc olmaqla 22 medalla vətənə dönüblər.

2024-cü ildə Suya tullanma idman növü üzrə də uğurumuz olub. Bolqarıstanın Varna şəhərində keçirilən, 10 ölkədən 110 idmançının qatıldığı “Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində idmançımız Məhəmməd Hüseynov E qrupunda ikinci yerə layiq görülərək gümüş medal qazanıb.

Bədii üzgüçülük üzrə Azərbaycan komandası da ötən il yaxşı nəticələri ilə yada qalıblar. Komanda Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 18 qızıl, 12 gümüş, 1 bürünc olmaqla 31 medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyası 2024-cü ildə ölkə daxilində də çox maraqlı yarışların təşkili ilə ölkədə su idman növlərinə marağın artırılması istiqamətində vacib işlər görüb.

2024-cü il ərzində Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanda üzgüçülük üzrə açıq ölkə çempionatları, “Parlaq Ulduz” Uşaq Liqasının 3 mərhəsi, TDT-yə üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsi, “Kürü keçək?!” adlı açıq suda üzmə yarışları təşkil olunub ki, bu da yerli idmançılar arasında bacarıqlı və qabiliyyətlilərin müəyyən edilməsi istiqamətində önəmli rol oynayır.

Federasiya yola saldığımız ildə su idman növləri üzrə məşqçilərin təkminləşdirilməsin istiqamətində də böyük işlər görülüb. Belə ki, müəyyən dövrlərdə ölkə ərazisində fəaliyyət göstərən üzgüçülük üzrə məşqçilər üçün treninqlər və seminarlar təşkil olunub.

Bütün idman sahələrində qazanılan uğurlar dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Ölkəmizin hər yerində inşa edilən Olimpiya kompleksləri, idman sarayları, idman qurğuları bu istiqamətdə atılan vacib addımlardandır.

İdmanın inkişafına və gənc nəslin sağlam ruhda böyüməsi məqsədilə hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin istiqamətlərindən birini idman komplekslərinin yaradılması təşkil edir. Artıq Ağdam şəhərində İmarət stadionu tikilir, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub və təbii ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə digər idman qurğuları da inşa olunacaq.

Prezident İlham Əliyevin idmanın inkişafına diqqətinin və quruculuq siyasətinin nəticəsi kimi yaradılan müasir idman infrastrukturu həm də ölkəmizdə böyük beynəlxalq idman yarışlarının keçirilməsinə imkan verir. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman yarışlarının məhz Bakıda keçirlməsi bunu təsdiq edir. Azərbaycanın ən müasir və nəhəng idman qurğularından biri Bakı Olipiya Stadionudur. Bu stadionun yaradılmasının nəticəsidir ki, bir neçə il əvvəl Bakıda UEFA Avropa Liqasının final oyunu keçirildi. Bu da bir daha göstərdi ki, Azərbaycan beynəlxalq səviyyədə idman ölkəsi kimi qəbul olunur. O cümlədən Bakı Olipiya Stadionu COP29 kimi mötəbər bir tədbirin respublikamızda təşkil olunmasına imkan verdi.

Azərbaycanın idman ölkəsi kimi inkişafının ən böyük göstəricilərindən biri də odur ki, bölgələrimizdə də mötəbər və kütləvi idman yarışlarının keçirilməsi mümkündür. Təsadüfi deyil ki, Üçüncü MDB Oyunları gələn il respublikamızın bölgələrində, əsasən də Gəncə şəhərində təşkil olunacaq. 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev bunu böyük qürurla qeyd etdi. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir və əminik ki, respublikamız bu idman tədbirinə də layiqli şəkildə ev sahibliyi edəcək.

2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə həm də Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldılar. Onlara Prezidentin fəxri fərmanları, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları, “Tərəqqi” medalları, həmçinin, yeni mənzillərin orderləri verildi. Bu, bir daha göstərdi ki, idmançıların qələbələri, beynəlxalq yarışlarda bayrağımızı ucaltmaları dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir.

Bu diqqət idmançılarımıza mənəvi güc verir, onları növbəti qələbələrə səsləyir. Ona görə də idmançılarımız bundan sonra da yeni qələbələrə imza atacaqlar və Azərbaycanın idman ölkəsi kimi nüfuzu daha da yüksələcək.

 

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Müəllif: Bəhruz MƏMMƏDOV