Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində ilk oyun gününə yekun vurulub.

Azərbaycan millisi A qrupundakı sonuncu matçında Polşanın "Varşava Lotto" komandasına 16:21 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, yığmamız qrup üçüncüsü kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi bu raundda İspaniyanın "Barselona Panters" klubu ilə üz-üzə gələcək. 1/4 finalın digər qarşılaşmasında "Varşava Lotto" kollektivi İtaliya seçməsini sınağa çəkəcək.

Portuqaliya və Polşa yığmaları qrup qalibləri kimi birbaşa yarımfinala adlayıblar.

Finala gedən yolda "Barselona Panters" - Azərbaycan cütünün qalibi Portuqaliya ilə, "Varşava Lotto" - İtaliya görüşün qalibi isə Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hər üç oyunda məğlub olan "Baku Fleyms" klubu isə mübarizəni qrup mərhələsində dayandırıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.

Müəllif: Məsim MƏSİMZADƏ