AİJA prezidenti idman jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib
ESTAFET/ “1924-cü il iyulun 2-də beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılması barədə qərar qəbul edilib. Bu münasibətlə fürsətdən istifadə edərək bütün həmkarlarımızı təbrik edirəm”.
Bu sözləri Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının yaradılmasının 100 illiyinin tamam olması münasibətilə keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
O, ilk dəfə bu tədbirin boks rinqində keçirildiyini bildirərək deyib: “AIPS-in təsis edilmə mərasimi Olimpiya Oyunları ərəfəsinə təsadüf etdiyi üçün rəmzi olaraq belə qərar qəbul edilib. Bu, həmçinin gələcəkdə rəqabətin olacağına işarə verib. Sonrakı illərdə baş vermiş müharibələrə görə konfrans bir neçə dəfə təxirə salınıb”.
AIPS-in yaradılmasını bütün dünya ölkələrinin qeyd etdiyini vurğulayan E.İsmayılov bildirib: “Hazırda biz “Zoom” platforması vasitəsilə AIPS-in mərkəzi ofisinə qoşulmuşuq. Bakıda baş tutan tədbiri 165 ölkənin milli idman mətbuatı izləyir. Bu gün də ənənəyə sadiq qalaraq 2023-cü ildə nominasiyalar üzrə qalib gələn laureatları da mükafatlandıracağıq”.
Qeyd edək ki, AIPS-in təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.