Azərbaycanda keçiriləcək MDB Oyunlarına hazırlıq işləri davam edir
ESTAFET/ 2025-ci ildə Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıq işləri davam edir.
Bu gün yarışa hazırlıqla bağlı işçi qrupun növbəti iclası keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda işçi qrupun üzvləri iştirak ediblər.
Tədbirdə idman obyektlərinin hazırlığı, akkreditasiya, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, tibb, yayım, açılış-bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev 3-cü MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
MDB Oyunları gələn il Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.