Qrup hərəkətləri komandamız Paris 2024-də çıxışlarını nümayiş etdirdi

ESTAFET/ Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024”də bu gün final çıxışlarını nümayiş etdirib.

Dünən adını dünyanın ən güclü 8 komandası arasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar. Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub. Mübarizəni sona qədər davam etdirdiyi üçün millimizə təşəkkür edirik.

Müəllif: Bəhruz MƏMMƏDOV