İtaliyada Formula 1 mövsümünün 16-cı tura start verilir

Cümə günü Monza trasında 2024-cü il mövsümünün Formula 1 avtomobil sinfi üzrə dünya çempionatının 16-cı mərhələsinin proqramı - İtaliya Qran Prisi başlayır.

Çempionatda qüvvələr nisbəti mövsümün əvvəli ilə müqayisədə bir qədər dəyişib. McLaren Red Bull-dan liderliyi ələ keçirib və indi trasda ən sürətli komanda sayılır. Bununla belə, Avstriya komandasının lideri hollandiyalı Maks Verstappen fərdi çempionatda hələ də rahat üstünlüyə malikdir və McLaren-dən britaniyalı Lando Norrisi 70 xal qabaqlayır.

Amma konstruktorlar çempionatında Red Bull McLaren-dən cəmi 30 xal irəlidədir.

İtaliyadakı mərhələdən əvvəl Williams rəhbərliyi komandada Franko Kolapinto ilə əvəzləməli olan Loqan Sargentlə əməkdaşlığı vaxtından əvvəl dayandırmaq qərarına gəldi.

İtaliya Qran Prisi Dünya Çempionatının ən qədim mərhələlərindən biridir. Formula 1-in ilk mövsümündən bəri davamlı olaraq keçirilir. Bütün yarışlar ənənəvi olaraq Monza dövrəsində baş tutur. Qran Pri tarixində sadəcə bir dəfə 1980-ci ildə İmolada keçirilib.

İtaliya Qran Prisində ən çox qələbə qazanan rekordçular yeddiqat dünya çempionları britaniyalı Lyuis Həmilton və alman Mixael Şumaxerdir ki, onların hər ikisi finiş xəttini beş dəfə birinci keçiblər.

Hazırkı sürücülərdən ispaniyalı Fernando Alonso və Verstappen burada iki dəfə, moneqask Şarl Lekler, avstraliyalı Daniel Rikkardo və fransız Pyer Qasli bir dəfə qalib gəliblər.

Müəllif: Natiq NƏSİROV