Həndbol üzrə beynəlxalq turnirə start verilib

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turnirinə start verilib. Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxış ediblər. Ardınca Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sentyabrın 1-dək davam edəcək turnirdə Azərbaycanın “Azəryol”, “Qarabağ”, “Kür”, Qazaxıstanın "Astana”, “Alatau Arulary” kollektivləri və Özbəkistan milli komandası mübarizə aparırlar. Turnirin ilk görüşündə “Kür" komandası “Astana” komandasıyla üz-üzə gəlib. Görüş rəqibin 36:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirin açılışından öncə yarış iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV