Azərbaycanı DÇ-də bu güləşçilər təmsil edəcəklər
ESTAFET/ Sentyabrın 2-dən 8-dək İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
700-ə yaxın idmançının mübarizə aparacağı yarışın ilk günlərində yunan-Roma güləşçiləri çıxış edəcək.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında Rahim Həsənov (55 kq), Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Cocu Səmədov (87 kq), Mikayıl İsmayılov (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.
Daha sonra böyük məşqçi Rövşən Umudovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz xalçaya çıxacaq. Heyətdə Aysel Məmmədzadə (50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Ruzanna Məmmədova (59 kq) və Günay Qurbanova (62 kq) yer alıb.
Yarışın sonlarında estafet sərbəst güləşçilərə keçəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun tapşırıqlarını Bəşir Verdiyev (57 kq), Camal Abbasov (61 kq), Ayxan Abdullazadə (65 kq), Omar Gülməmmədov (70 kq), Ağanəzər Novruzov (74 kq), Emin Qocayev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq) və Yusif Dursunov (125 kq) uğurla yerinə yetirməyə çalışacaq.
Dünya çempionatında 1-ci kateqoriyalı hakimlərimiz Elman İsmayılovla Bəşir İsazadə ədaləti qoruyacaq.