Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024: F1 ulduzları Fan Forumda

Sentyabrın 13-də mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

Yarışın ilk günündə Formula 1 azarkeşlərinin həyəcanla gözlədiyi Fan Forum keçirilib. Bulvar ərazisində, əyləncə zonasında keçirilən sessiyada Aston Martin, Williams, McLaren, Mercedes kimi məşhur F1 komandalarının pilotları öz fanatları ilə görüşüblər.

Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər səhnədəki avtoidman ulduzlarını yaxından görmək, onlarla şəkil çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə ediblər.

Formula 1 Azərbaycan Qran Prisinin ən həyəcanlı hissəsi sayılan Fan forumlar yarış həftəsonunun 1 və 2- ci günü keçirilir.

Xatırladaq ki, yalnız üç günlük bilet sahibləri Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024- ü tribunalardan izləyə, Dənizkənarı Bulvar ərazisində hazırlanmış əyləncə zonasından zövq almaqla yanaşı Fan forumlarda iştirak edə bilərlər.

Müəllif: Natiq NƏSİROV