“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər üçün ultimate frizbi təlimlərinə start verilib

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və “Ultimate Azerbaijan” idman cəmiyyətinin birgə təşkilatçılığı ilə məktəblilər üçün ultimate frizbi təlimlərinə start verilib. 12 sentyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən təlim ilk olaraq Pirallahı rayonunda baş tutub.

Təlimdə “Ultimate Frisbee” idman cəmiyyətinin “Vortex” komandasının təlimçi-oyunçuları Orxan Soltanov, Lalə Tağıyeva və Əhməd Xələfbəyli iştirak edərək, məktəblilərə frizbi oyununu izah edib, onların suallarını cavablandırıblar. Daha sonra təlimçilər iştirakçıları komandalara bölərək, onlarla birlikdə oynayıblar. Sonda “Vortex” komandasının üzvləri tərəfindən məktəblilərə frizbi diski və stikerlər hədiyyə olunub.

Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdır. Bu təşəbbüs, gənclərin fiziki aktivliyini artırmaq, hərəkətli müxtəlif oyunları önə çıxarmaq və sosial əlaqələri gücləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Anar Babayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, 168 nömrəli tam orta məktəbin fiziki hazırlıq müəllimi Mikayıl Tarverdiyev iştirak edib.

Müəllif: Bəhruz MƏMMƏDOV