Şarl Lekler 2-ci sərbəst yürüşdə liderliyi ələ aldı

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-də ikinci sərbəst yürüş son çatdı. Ferrari-nin sürücüsü Şarl Lekler, Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşündə 1 dəqiqə 43.484 saniyə nəticə göstərərək günü lider olaraq başa vurdu. Lekler, Serxio Peresi yalnız 0.006 saniyə qabaqlayaraq birinci yerdə bitirdi. İlk məşqlərdə 15-ci döngədə qəza keçirən Lekler, təmir edilmiş SF-24 ilə daha yaxşı performans göstərdiyini bildirib.

Qəzadan sonra boksda bir müddət gözləməli olsa da, Lekler sarı təkərlərlə kəşfiyyat dövrələri vurub və 8-ci döngədə yoldan çıxmasına baxmayaraq, yumşaq (qırmızı) təkərlərlə ən yaxşı nəticəni əldə etdi.

Sessiyada Maks Ferstappen, Serxio Peres və Karlos Sayns arasında gərgin mübarizə yaşanıb. Lekler, Peresi 0.006 saniyə qabaqlayaraq ilk yerdə qərarlaşsa da, Sayns və Peres arasında fərq yalnız 0.060 saniyə olub. Ferstappen isə liderdən yarım saniyə geri qalaraq altıncı yeri tutub.

Mercedes və McLaren sürücüləri bu dəfə nəzərəçarpan performans sərgiləməyiblər və bu axşam toplanan məlumatları təhlil etmək üçün əlavə iş görməli olacaqlar. Sabah səhər sazlanmalarda ediləcək düzəlişlər sürətləri artıracaq və daha maraqlı bir şənbə bizi gözləyir.

Müəllif: Natiq NƏSİROV