Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024: Sıralama öncəsi 3 fərqli nəticə

Cümə günündən fərqli olaraq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün ikinci günündə pilotları buludlu və yüngül yağışlı hava qarşıladı. Asfaltın qurumasını gözləyən sürücülər, sessiyanın başlanğıcında Esteban Okonun maşınının güc problemi səbəbindən dayandırılması ilə üzləşdilər.

Sessiya bərpa edildikdən sonra yağan yüngül yağış və Haas sürücüsü Oliver Bermanın baryerlərə çırpılması səbəbindən yürüş yenidən dayandırıldı.

Bir neçə dəqiqədən sonra sürücülər qırmızı təkərlərlə trasa qayıtsalar da, fasilələr səbəbindən bərk (ağ) təkərlərlə uzun dövrələr etmək mümkün olmadı

Üçüncü sərbəst yürüşün sonunda Corc Rassel 1:42.514 dəqiqə ilə ən yaxşı nəticəni əldə etdi.

Xatırladaq ki, cümə günü ilk sərbəst yürüşdə Maks Ferstappen, daha sonra isə Şarl Lekler ən sürətli olmuşdular. Üç sərbəst yürüşdə fərqli komandalardan liderlərin olması sıralanma turunun daha maraqlı keçəcəyinə işarədir.

Müəllif: Natiq NƏSİROV