Alpaqut İdman Növü üzrə Ümumrespublika seminarı başa çatdı

Bakı şəhərində, Sabunçu İdman Arenasında Alpaqut idman növü üzrə Ümumrespublika seminarı uğurla keçirildi.

Bu tədbir, Alpaqut idmanının inkişafı və tanıdılması məqsədini güdürdü.

Seminarın Əsas Məzmunu

Seminarda iştirak edən məşqçilər, hakimlər və idmançıların sayı 100-dən çox idi. Tədbir, AAF-nın yeni seçilmiş prezidenti Fuad Quliyevin açılış nitqi ilə başladı. Fuad Quliyev, Alpaqut idmanının tarixi və bu idman növünün gələcəyi haqqında iştirakçılara məlumat verdi.

Seminarda qonaq qismində Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü Fərid Əlizadə, vitse-prezidentlər Emil Rəhimov və Tural Abasquluyev, İctimaiyyətlə əlaqələr və Mətbuat departamentinin sədri Firuzə Cəlilova, həmçinin Maliyyə və İqtisad Kollecinin prorektoru Mehman Səfərov iştirak etdilər. Qonaqlar, seminarın gedişatını izləyərək, iştirakçılarla fikir mübadiləsi apardılar.

Bundan sonra, seminar çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar və müzakirələr keçirildi:

– Məşqçilik Üsulları: İştirakçılar, müasir məşqçilik metodları və idmançıların hazırlıq prosesini müzakirə etdilər.

– Hakimlik Qaydaları: Hakimlərin rolu və mühakimə prosesi haqqında ətraflı təqdimatlar edildi.

– Praktiki Təlimlər: Seminarın praktiki təlim hissəsi Alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov tərəfindən aparıldı. Vasif Namazov, iştirakçılara döyüş texnikaları, taktiki yanaşmalar və Alpaqutun spesifik elementləri üzrə praktiki məşğələlər təqdim etdi. İştirakçılar, öyrəndiklərini tətbiq edərək döyüş sənətinin incəliklərini daha dərindən anlamağa imkan tapdılar.

Sertifikatların Təqdimatı

Seminarın sonunda iştirakçılara iştirakçı sertifikatları təqdim edildi. Eyni zamanda, mükafatlandırma mərasimində müəyyən şəxslərə SAN üstüngü sertifikatları verildi. Bu, onların ustalıq səviyyəsinin artımasını, Alpaqut idmanına olan töhfələrini və xidmətlərini tanımaq məqsədini güdür.

Müəllif: Bəhruz MƏMMƏDOV