Dünya çempionatında üç medal

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığması Tacikistanın paytaxtı Düşənbədə keçirilən dünya çempionatını üç medalla başa vurub. İdmançılarımız Kənan Nəsibov (+100 kq.) yarışın gümüş, Süleyman Şükürov (-81 kq.) və Əjdər Bağırov (-100 kq.) bürünc mükafatını qazanıblar. Bu göstərici ilə Azərbaycan oğlanların sıralamasında 67 ölkə arasında 4-cü yeri tutub.

Bundan başqa, təmsilçilərimizdən Nizami İmranov (-60 kq.) və Aydan Vəliyeva (-52 kq.) 5-ci, Fidan Əlizadə (-57 kq.), Məhəmməd Musayev (-66 kq.) və Aslan Kotsoyev (-90 kq.) 7-ci yeri tutublar.

Dünya çempionatında ağır çəki dərəcələrində medalların əldə olunması xüsusilə sevindiricidir. Əjdər Bağırov olimpiya çempionu Zelim Kotsoyevdən yeddi il sonra -100 kq. çəki dərəcəsində ölkəmizə gənclər arasında dünya çempionatının medalını qazandırıb. Kənan Nəsibovun nailiyyəti isə tarixə bir ilk kimi düşüb. Belə ki, buna qədər ən ağır çəkidə heç bir cüdoçumuz analoji yarışın mükafatçısı olmamışdı.

Cüdoçularımızı təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

Müəllif: Natiq NƏSİROV