Qılıncoynadanlarımızdan Türkiyədə möhtəşəm nəticələr

Türkiyənin Konya şəhərində keçirilən gənclərin şpaqa növü üzrə açıq turnirində Azərbaycan idmançıları böyük uğurlara imza atıblar.

Xədicə Həsənli, qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalını qazanıb. Bu, gənc idmançımızın potensialını və beynəlxalq arenada güclü rəqabət qabiliyyətini bir daha təsdiqləyib.

Digər təmsilçimiz Mirxətai Məmmədov oğlanların şəxsi mübarizəsində yarımfinala kimi irəliləyib. Finala çıxmağa bir addım qalmış məğlub olsa da, turniri bürünc medalla başa vuraraq mükafatçılar sırasında yer alıb.

Qılıncoynadanlarımızı bu böyük nailiyyətlər münasibətilə təbrik edir və gələcək yarışlarda yeni uğurlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV