“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramı başa çatdı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov ermənilərin bu ərazidə törətdiyi dağıntılar haqda və dövlətimizin Qarabağda, o cümlədən Şuşada apardığı bərpa işləri barədə danışıb.

Gənclər və idman naziri Fərid Qayıbov Forumda fəal iştiraka görə İslam ölkələrindən gələn gənclərə təşəkkür edib. O, bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür tədbirin keçirilməsi qürurvericidir. Nazir belə tədbirlərin davamlı olmasını arzulayıb. Nazir ölkəmizin başa çatmaqda olan il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən COP29 kimi mötəbər qlobal konfransı yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdırıb. O, ölkəmizdə gənclərə də qayğının yüksək səviyyədə olduğunu qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan bu tədbirin Qarabağın dilbər guşəsi Şuşada keçirilməsinin müsbət məqam olduğunu vurğulayıb. O, dünya miqyasında mədəni müxtəliflik, dözümlülük və yaradıcılıq nümunəsi olan Şuşada ilboyu davam edən bu transformasiya proqramına ev sahibliyi etdiyinə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov da çıxış edib.

Daha sonra İƏT “Gənclər Paytaxtı”nın rəmzi açarı Mərakeşin nümayəndəsinə təqdim edilib.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Müəllif: Bəhruz MƏMMƏDOV