“Şahdağ” Turizm Kompleksində Xizək Alpinizmi üzrə Dünya Kubokunda ilk gün tamamlandı
Yanvarın 10-da keçirilən sprint yarışlarında mükafatçılar müəyyənləşib.
Qadınlar arasında fransalı Emili Harrop birinci yerə sahib çıxıb. Gümüş medal İsveçrədən Mariani Fattona, bürünc medal isə fransalı Perillat Pissiyyə qismət olub.
Kişilər arasında isə qızıl medalı isveçrəli Lita Aron qazanıb. Onun həmyerlisi Robin Bussard gümüş, ispaniyalı Martines Ferrer isə bürünc medalın sahibi olub.
Yarışda Fərdi Neytral İdmançılar (AİN) da daxil olmaqla, 26 ölkədən 130-a yaxın idmançı iştirak edir. İdmançılar yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, Xizək Alpinizmi üzrə Dünya Kuboku, 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün vacib kvalifikasiya yarışlarından biridir. Yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir və yanvarın 13-də yekunlaşacaq.