Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

ESTAFET/ Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 10 medalla başa vurublar.
Cüdo Federasiyasından verilən məlumata görə, turnirin son günündə yığmanın 5 üzvü tatamiyə çıxıb. Onlardan 4-ü fəxri kürsüyə qalxıb.
Belə ki, Səid Şərifov (73 kiloqram), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) bürünc mükafata yiyələniblər. Məhəmməd Ağakişiyev (73 kiloqram) isə 7-ci olub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medal qazanmışdılar.
Bununla da milli komanda Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
