IJF Bakı “Böyük Dəbilqə” turnirini yüksək qiymətləndirib

ESTAFET/ Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında Bakıda keçirilmiş “Böyük Dəbilqə” turniri ilə bağlı yazı dərc edilib.
Qurum Milli Gimnastika Arenasında reallaşan yarışın təşkilatçılığını yüksək qiymətləndirib.
“Bakıdakı “Böyük Dəbilqə”nin böyük uğuru” adlı məqalədə üç gün davam edən turnirin həyəcanlı keçdiyi bildirilib: “Bakıda Milli Gimnastika Arenasına toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları, Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilər. Hər şey mükəmməl şəkildə təşkil edilib. Bu da iştirak edən 36 ölkədən olan idmançılara ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər”.
IJF Yaponiya və Azərbaycan cüdoçularının çıxışını xüsusi vurğulayıb: “Yapon komandası səhvə yol verməyib. Onlar Bakıya yüksək səviyyəli komanda göndərib və nəticələr bunu təsdiqləyir – yığmaların sıralamasında birinci yerin sahibi olublar. Azərbaycanın iki aparıcı cüdoçusu, dünya və Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev tatamidə olmasa da, digər cüdoçular ən yüksək səviyyədə mübarizə aparıblar. Bu yüksəksəviyyəli yarışda ev sahibi ölkənin qazandığı medallar onu turnirin ən güclü komandalarından birinə çevirib”.
Yazıda təşkilatçılıq baxımından irad tutulası heç bir məqamın olmadığı qeyd olunub: “Azərbaycan bu işin öhdəsindən peşəkarcasına gəlib və hər şeyi yüksək səviyyədə təşkil edib. Bütün iştirakçıların yaddaşında bu turnirdən xoş xatirələr qalacaq. Beləliklə, Bakıda “Böyük Dəbilqə” turniri uğurla başa çatıb. Bakıdakı yarışların son gününün final mərhələsindən əvvəl gənc cüdoçular tataminin mərkəzinə çıxaraq dinamik və əyləncəli sessiya keçiriblər. Bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan gənclər üçün nəzərdə tutulmuş proqramın iştirakçılarıdır. Cüdo onların cəmiyyətə inteqrasiyasına kömək edən və onları dəstəkləyən inanılmaz bir vasitədir. Azərbaycan Cüdo Federasiyası bir daha bütün qrupları heç bir ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etmək bacarığını nümayiş etdirib. Uşaqların topladığı alqışlar və sessiya boyunca üzlərindəki xoş təbəssüm cüdonun gücünün açıq sübutudur”.
Qeyd edək ki, fevralın 14-dən 16-dək davam edən “Böyük “Dəbilqə”də Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.
