Emin Rzayev Dünya yeniyetmələr arasında Qolf Çempionatında 11-ci Yeri Qazandı

Azərbaycan Qolf Federasiyasının (AQF) Yeniyetmələr üzrə Milli Komandasının üzvü Emin Rzayev, 19-21 fevral 2025-ci il tarixlərində İspaniyanın Marbella şəhərində keçirilmiş Dünya yeniyetmələr arasında Qolf Çempionatında ölkəmizi uğurla təmsil edib.
250-dən çox gənc qolfçunun iştirak etdiyi bu prestijli turnirdə, Emin 8-9 yaş kateqoriyasında yarışmış və üç raundun yekunlarına əsasən 255 vuruşla şərəfli 11-ci yeri tutmuşdur.
Eminin əldə etdiyi nəticə onun yüksək peşəkarlıq səviyyəsini və əzmkarlığını nümayiş etdirir. Azərbaycan Qolf Federasiyası Eminin uğurlarından qürur duyur. Onun Dünya yeniyetmələr arasında Çempionatındakı çıxışı, Azərbaycan idmançılarının beynəlxalq arenada ləyaqətlə mübarizə aparıb mühüm uğurlar əldə etmək qabiliyyətinin aydın nümunəsidir.
