Soydaşımızın komandası İtaliya çempionu olub

İtaliyada yaşayan azərbaycanlı şahmatçı Mirağa Ağayevin də heyətində yer aldığı “Lazio Scacchi” komandası 2025-ci il İtaliya Şahmat Çempionatının “Master” seriyasında tarixi uğura imza atıb. İtaliyanın Darfo Boario Terme bələdiyyəsində baş tutan turnirdə “Lazio Scacchi” komandası möhtəşəm çıxışı ilə fərqlənərək 16 xalla birinci yeri tutub və ilk dəfə İtaliya çempionu adına layiq görülüb.
Komandanın heyətində yer alan azərbaycanlı şahmatçı, İtaliya mediasında “şahmatın dahisi” kimi tanınan Mirağa Ağayev də bu böyük qələbədə mühüm rol oynayıb. Onun stabil və inamlı oyunu komandanın ümumi uğuruna ciddi töhfə verib.
“Lazio Scacchi” yalnız komanda hesabında deyil, fərdi göstəricilər baxımından da yüksək nəticələr əldə edib. Beş lövhədən dördündə üstünlük qazanan komanda ümumi nəticələrdə də birinci olub. 1-ci lövhədə Alexey Sarana, 3-cü lövhədə Sebastian Iermito, 4-cü lövhədə Miçele Godena, ehtiyat lövhədə isə Mirağa Ağayev parlaq qələbələri ilə fərqlənib.
Bu möhtəşəm nəticə İtaliya şahmat aləmində yeni bir güc mərkəzinin formalaşdığını göstərir. Gənc azərbaycanlı Mirağa Ağayevin uğurlu çıxışı həm Azərbaycan diasporu, həm də şahmat ictimaiyyəti üçün böyük qürur mənbəyidir.
Qeyd edək ki, növbəti mövsüm “A1” seriyasında “Grifone”, “Mimosa”, “Scacchistica Trentina” və “Cerianese” klubları mübarizə aparacaqlar. Eyni zamanda, aşağı liqalardan “Kodokan Messina”, “Scacchistica Novarese”, “Firenze Scacchi”, “Prato”, “Ostia Scacchi”, eləcə də “La Spezia”, “Varese” və “Chessmate di Bagheria” komandaları da yüksək liqada yer alacaq.
