AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin birgə təşkil etdiyi Qəbələ – Xankəndi ultramarafonunun sonuncu mərhələsi – Ağdam - Xankəndi hissəsinin finiş xəttində yerləşən əyləncə zonasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən antidopinq maarifləndirmə proqramı həyata keçirilib.

AMADA-nın elan etdiyi “Ədalətli idman həftəsi” çərçivəsində keçirilən proqramda Agentliyin əməkdaşları marafon iştirakçılarına və Xankəndi sakinlərinə dopinqin zərərləri və antidopinq qaydaları barədə ətraflı məlumat veriblər.

Antidopinq maarifləndirmə proqramının əsas məqsədi idmançılar, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri arasında dopinqə qarşı mübarizəni gücləndirmək, onların dopinqin zərərləri və idmanda ədalət prinsipləri haqqında biliklərini artırmaq olub. Həmçinin onlar antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələr, dopinqdən istifadənin idmançının sağlamlığına mənfi təsirləri və narkomaniyanın fəsadları barədə geniş məlumatlandırılıblar. Bununla yanaşı, antidopinq siyasətinin əhəmiyyəti vurğulanıb, idmanda dürüstlük və etik dəyərlərin qorunmasının vacibliyi bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində idmançılar və azarkeşlər üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib. Sorğuların nəticələri göstərib ki, antidopinq sahəsində məlumatlılıq səviyyəsi artmaqdadır və idman ictimaiyyəti təmiz idman prinsiplərinə daha çox önəm verir.

Maarifləndirmə proqramı zamanı Ümumdünya Antidopinq Agentliyinin (WADA) bu il Ədalətli İdman Günü üçün elan etdiyi “Ədalətli yarış səndən başlayır” şüarı yazılmış pankart da açılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV