“Badamlı Kuboku” uğurla başa çatdı

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və ənənəvi karate üslubu Şito-Ryu üzrə fəaliyyət göstərən “Badamlı Karate Klubu”nun təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən “Badamlı Kuboku” uğurla başa çatıb.

Turnirdə 15 rayondan, 40-a yaxın klub, 500-ə yaxın idmançı və 25 hakim iştirak edib. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə rəsmi şəkildə açıq elan olunub. Ardınca ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev açılış mərasimində çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən, Cənab Prezident İlham Əliyevin idmana, xüsusilə də karateyə göstərdiyi diqqət və dəstəkdən danışıb. O, eyni zamanda federasiya prezidenti Ülvi Quliyevin salamlarını idmançılara çatdıraraq, onlara yarışlarda uğurlar arzulayıb.

Daha sonra “Badamlı Karate Klubu”nun rəhbəri Tuncay Hüseynov çıxış edərək, Azərbaycan Karate Federasiyasına göstərilən diqqət və dəstəyə görə öz minnətdarlığını bildirib və turnirin təşkilati tərəfləri haqqında məlumat verib.

Yarışın bədii hissəsində karateçilərin nümunəvi çıxışları nümayiş etdirilib. Ardınca müxtəlif yaş və çəki kateqoriyaları üzrə mükafatlandırma mərasimi keçirilib və döyüşlərə start verilib. Turnir idmançılar arasında sağlam rəqabət ruhunda və yüksək təşkilati səviyyədə başa çatıb.

Müəllif: Bəhruz MƏMMƏDOV