Goranboyda təşkil edilən peşəkar inkişaf proqramı başa çatıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramı başa çatıb.
Proqram çərçivəsində son sessiyalarda milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov antogenez, aşağı yaş qruplarında cüdoçular üçün fiziki yüklənmə normaları, bu prosesin kreativ yolları və idman qidalanması mövzularında təqdimatla çıxış edib.
ACF-in Təhsil şöbəsinin müdiri Orxan Oruczadə isə klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması barədə iştirakçılara məlumat verib.
Bundan əlavə, Orxan Səfərov və Asiman Allahverdiyev uşaqlarda cüdo vərdişlərinin formalaşması, koordinasiya və sürətin inkişafı üçün vacib hərəkətlər üzrə praktiki təlimlər keçiriblər.
Yekunda iştirakçılar praktiki imtahan verib və nəzəri bilikləri yoxlanılıb. Sınaqları uğurla başa vuran 29 məşqçi-müəllimə ACF tərəfindən sertifikat təqdim olunub.
Qeyd edək ki, altı gün davam edən proqramda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçilər iştirak ediblər.
