Bakıda minifutbol üzrə dünya çempionatına möhtəşəm açılış!

Minifutbol üzrə dünya çempionatının açılış mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başladı.

Sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşaiyəti ilə maraqlı bir səhnəcik göstərildi. Burada ritmik və həyəcanlı musiqi vasitəsi ilə rəqqasların nümunəvi ifası təqdim olundu. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya freestyle sənətinin əfsanəsi Sean Qarnier topla möhtəşəm hərəkətlər nümayiş etdirdi. Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatdı. Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olundu.

Qeyd edək ki, açılış mərasimindən sonra minifutbol üzrə milli komandamız mundialda ilk oyununu keçirdi. A qrupunda qərarlaşan futbolçularımız Bəhreyn seçməsi ilə qarşılaşdı. Qarşılaşmadan əvvəl millli komandamızın üzvləri Tural Nərimanov, Davud Karimi, Seymur Məmmədov və Bəxtiyar Soltanovun seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salındı və onlara xüsusi mükafat təqdim olundu.

Müəllif: Bəhruz MƏMMƏDOV