Debütant pilotdan möhtəşəm nəticə: İkinci yarışda podiuma yüksəldi

Azərbaycan avtomobil idmanı ildırım sürəti ilə inkişaf edir. Bu inkişafın bariz nümunəsi son yarışda üçüncü yerə layiq görülən yeni pilotun uğurudur. O, bu idman növü ilə ilk dəfə məşğul olmasına baxmayaraq, artıq podiuma yüksəlməyi bacarıb.
Pilot Elvin Xudaverdiyev çıxışında təşkilatçılığa yüksək qiymət verərək Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib:
"Azərbaycan Avtomobil Federasiyasına dərin təşəkkür edirəm. Bu yarışlar pilotlar üçün çox böyük fürsətdir və çox dəyərlidir. Yarışların təşkili və idmanın inkişaf tempi həqiqətən də təsiredicidir."
Gənc pilot bu nəticəni gözlədiyini də gizlətməyib:
“Üçüncü yerə çıxmaq mənim üçün sürpriz olmadı. Hər nə qədər bu idmanla yeni məşğul olsam da, hələ illər öncədən bu nəticəyə inanırdım. Bu, cəmi ikinci dəfədir ki, bu maşını idarə edirəm, amma artıq podiumdayam. Rəqiblərim çox güclü idi və bu nəticə mənim üçün böyük motivasiyadır.”
Lakin o, yarış zamanı bəzi pilotların qaydalara əməl etməməsi səbəbindən maneələrlə üzləşdiyini də vurğulayıb:
“Bəzi pilotlar dövrə fərqinə baxmayaraq yol vermirdilər. Onlara göy bayraq göstərilsə də, yol açmadılar və bu bizi müəyyən məqamlarda gecikdirdi. Bu cür halların qarşısı gələcəkdə mütləq alınmalıdır.”
Gənc pilotun belə qısa müddətdə əldə etdiyi nəticə onun bu idman növündə böyük potensiala malik olduğunu göstərir.
