"Çox vacib qələbə qazandıq": Qurbanov

ESTAFET/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
O, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başqa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq. Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. İstəkli olmaq lazım idi. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib. Bu gün 3 xal çox vacib idi. Azarkeşlərə təşəkkür edirəm.
Futbolçularda yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq olurlar. Bayaq qeyd etdiyim kimi meydança amili var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm "Turan Tovuz" ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Növbəti matçlarda daha yaxşı olacaq. Avropadakı oyunun sürəti ilə buradakının arasında çox böyük fərq var. Futbolçulara 4 gün istirahət verəcəyik.
Bizdə bəzən kollektiv şəkildə istirahət çox vacib olur. Düzgün bərpanın, istirahətin komandaya faydası çox olur. Millinin oyunçuları ilə bağlı bir az problemlərimiz olacaq. Həm fiziki, həm psixoloji yorğunluq olur. Fikirləşəcəklər ki, komanda yoldaşlarım istirahət edir, mən isə məşq edirəm. Fiziki yorğunluğu necəsə aradan qaldırırıq. Bəzən bir oyunu qurban veririk. Məni həmişə ən çox narahat edən psixoloji yorğunluq olub. Proqram bütün komandalar üçün eynidir. Rəqiblərimizin oyunçuları da milli komandalara gedəcək. Bəlkə də fasilənin bizim üçün faydası var. İstər-istəməz biz belə tempə az öyrəşmişik”.
