"Xallar bizə rəqibdən daha çox lazımdır": Sergey Rebrov

ESTAFET/ Ukrayna millisi Azərbaycan yığması ilə oyunun ilk dəqiqələrində gücünü göstərməyə çalışacaq.
Bu barədə yığmanın baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Ümid edirəm ki, sabah ilk dəqiqədən gücümüzü nümayiş etdirəcəyik. Bu xallar bizə rəqibdən daha çox lazımdır".
O, Bakıda rəqiblə heç-heçə etdikləri (1:1) görüşə də toxunub:
"Bu, tamam fərqli qarşılaşma idi. Meydan bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, futbolçular daha inamlı çıxış edəcəklər".
Oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
