D-8 ölkələrinin Gənclər Dialoqu Azərbaycanda başladı

Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir. Dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın şəhərlərindən bəhs edən videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Ali, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, İKTT-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat çıxış ediblər.
Açılışdan sonra dialoq öz işini müzakirələrlə davam etdirib. Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.

