RİO-2016: ORXAN MEDALSIZ DÖNÜR
ESTAFET/ Oyunların ikinci günündə mübarizəyə qoşulacaq idmançılarımızdan ən çox medal ümidi bəslədiyimiz 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Orxan Səfərovdu. Çünki Orxan öz çəkisində dünyada ən güclülərdən biridir və qatıldığı istənilən turnirin favoriti göstərilir. Son dövrlər müxtəlif miqyaslı beynəlxalq yarışlarda göstərdiyi nəticələrə əsasən də deyə bilərik ki, Orxan hal-hazırda yüksək idman formasındadı və onun medal qazanmasına ancaq özü mane ola bilər.
Mübarizəyə 1/16 final mərhələsindəm başlayan Orxan ilk görüşündə perulu Juan Postigosu 1 yuko və 1 waza-ari fəndi ilə məğlub edib. 1/8 final görüşündə isə qırğız cüdoçu Otar Bestaev Orxanın ippon fəndindən qurtula bilməyib. 1/4 final görüşündə Orxan yerli cüdoçu Felipe Kitadeini 2 dəqiqə 54 saniyəyə ippon fəndi ilə keçərək adını yarımfinala yazdırıb.
Təəssüf ki, yarımfinalda Orxan qazax Yelos Smetovla bacarmayıb və tatamini məğlub tərk edib. Ardınca isə 3-cü yer üçün yapon Naohisa Takato ilə görüşdə məğlub olub və Oyunları medalsız başa vurub.