"BU, HƏM DƏ VÜQAR HƏŞİMOVUN QƏLƏBƏSİDİR" - RAUF MƏMMƏDOV

ESTAFET/ Xəbər verdiyimiz kimi, kişilərdən ibarət Azərbaycanın şahmat yığması ötən günlərdə 3-cü dəfə Avropa çempionluğunu bayram diblər. Yığmanın bu çempionatda ən dəyərli oyunçusu Rauf Məmmədov apaspor.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik. 

3-cü dəfə qızıl medal qazandığınız Avropa çempionatına yollananda FİDE reytinqində əmsalınız 2686 xal idisə, qayıdanda bu 2708,8-ə çatıb...
Özümü əla hiss edirəm. Çünki yarışın keçirildiyi Yunanıstana yollananadək reytinqimə Antalyada 8 xal əlavə edərək, 2686-ya çatdırmışdım. Avropa çempionatında da daha 23 xal artırdım.

Yarışda 9 turdan 7-də qalib gəldiniz, 2-də heç-heçə etdiz. Topladığınız 8 xalla hamını qabaqlayaraq, IV lövhədə də ən yaxşı kimi qızıl medala yiyələndiz. Bu 9 turda ən gərgin matç kimi hansını fərqləndirərdiz?
Əlbəttə, Ermənistanla oyunu. Çünki həmin görüşü qalib gələ bilməsəydik, çempionluq çətin olacaqdı. Mənəvi cəhətdən də çox pis təsir edəcəkdi. Mən qələbəni rahat qazandım. Lövhədə alınan mövqe Bakıda qayıdarkən, bizi qarşılama mərasimində də tortun üzərində həkk olunmuşdu.

Onda həmin 2,5:1,5 hesablı qələbə ilə yığmamızın çempionluq yolunun başladığını demək olarmı?
Bəli. Demək olar ki, mən də Ermənistana qalib gəldikdən sonra qızıl medala çox böyük şansımızın olduğunu fikirləşdim.

Bu çempionatdan sonra Rauf Məmmədovun karyerasında yeni dönəmin başladığını demək mümkündümü?
Ola bilər.

Kişi şahmatçılardan ibarət yığmamızın tariximizdə ilk medal 2007-ci ildə Yunanıstanda əldə edilib. Həmin vaxt qazanılan "bürünc"dən 4 il sonra ilk gümüş mükafatı da Ellada torpağında qazandıq. Bu dəfə isə Krit adasında medalın əyarını qızıla dəyişdik. Avropa çempionatının keçirildiyi Yunanıstanı Azərbaycan millisi üçün uğurlu məkan hesab etmək olar?
Yunanıstanda çox yarışlar keçirilir. Bəlkə də buna görə bu ölkə bizim üçün uğurlu hesab edilir. Yunanıstanla yanaşı, Rusiya, Türkiyə, Serbiya və Polşada da biz rahat oynayırıq. Son 2 ölkədə Avropa çempionu olmuşuq.

Bəs həmin 2 çempionluqla sonuncu qələbəni necə müqayisə edərdiz?
Əlbəttə, birinci çempionluq mənim üçün daha vacibdi. 2009-cu ildə Vüqar Həşimov axırıncı oyunda qalib gəldikdə... İndi isə həmin emosiyalar yoxdu. Amma çempion olmaq yenə də xoşbəxt bir haldı.

Vüqar Həşimovla qazandığınız qızıl medalı xüsusi vurğuladız. Bilirik ki, Rusiya yığmasının Ukrayna əsilli qrossmeysteri Sergey Karyakin Azərbaycana hər səfərində mərhum şahmatçımızın məzarını ziyarət edir. 3-cü dəfə Avropa çempionu olan komandanın belə bir plan varmı?
Biz Vüqar Həşimovun adını daşıyan akademiyada, yarışda iştirak edirik. O, hər an bizim ürəyimizdədi və bu, həm də Vüqar Həşimovun qələbəsidi.

Siz sosial şəbəkədə "Biz təslim olmuruq, qayıdacağıq" paylaşımı etmişdiz. Bu nədən irəli gəlirdi?
Bu, III turdan sonra baş verdi. Biz İspaniya ilə heç-heçə etdik. Mən hətta azarkeşlik etdiyim "Mançester Yunayted"in 2007/2008 mövsümündəki çıxışının rolikini komanda yoldaşlarıma göstərdim. Mənə elə gəldi ki, qalan 6 oyunumuzun hamısında qələbə qazana bilərik. Biz də 5 dəfə qalib gəlib, son turda heç-heçə etdik. Sübut etdik ki, Azərbaycan Avropada ən güclüdü.

Komanda yoldaşlarınız sizin yığmaya güc qatdığınızı bildirirlər. Niyə sizi deyirlər?
Bilmirəm. Mənim fikrimcə, bu, komandamızın kapitanı Eltac Səfərli idi. O, əsas ilhamverici qüvvəmiz olmaqla yanaşı, gecə-gündüz işlədi, bizə azarkeşlik etdi. Mənim üçün əsas odu. O, Avropa çempionu olan ən gənc kapitan kimi tarixə düşdü. Azərbaycanı bu qələbə və Bayraq Günü münasibətilə təbrik edirəm.

Yəni növbəti yarışlarda da Səfərli kapitan kimi qalsın?
(gülür). Məncə, Eltac çox yaxşı şahmatçıdı. Növbəti turnirlərdə kapitanlıq vəzifəsini davam etdirib, yaxud etdirməyəcəyi hələ bilinmir.

Bilirik ki, siz, eyni zamanda, futbol azarkeşisiz. Çempionlar Liqasının IV turu çərçivəsində "Qarabağ"ın Madriddə "Atletiko" ilə matçı Avropa çempionatı zamanı oynanıldı. Orda şahmatçılar komandamız haqda hansı fikirdə idilər? Ermənistan millisinin üzvləri də Ağdam klubu barədə nəsə danışırdımı?
Bu barədə ruslar, ukraynalılar və belarusluların çoxu fikir mübadiləsi aparırdı. Amma ermənilərin "Qarabağ"la bağlı danışdığını eşitmədim. Komandamız ilk hissədə qol vurduqda belə sevincimizdən buna inanmırdıq. Görüşə Belarus millisi ilə birgə baxırdıq. Təəssüf ki, görüş 1:1 hesabı ilə bitdi. Fikirləşirdim ki, "Atletiko" indi elə də yaxşı formada deyil və "Qarabağ" bir oyunda qalib gələ bilər. Amma heç nə olmaz. Madridlilərdən 2 xal almağın özü də böyük bir nəticədi.

"Qarabağ"ı qarşıda "Çelsi" ilə oyun gözləyir. Noyabrın 22-də keçiriləcək bu matçdan gözləntiləriniz nədi?
Çətin oyun olacaq. Amma ümid edirəm ki, bizim üçün uğurlu alınar.