TUNİS VƏ MƏRAKEŞ DƏ RUSİYA BİLETİNƏ SAHİB OLDULAR
ESTAFET/ 2018-ci ildə şimal qonşumuz Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının daha 2 iştirakçısını müəyyənləşib. Tunis və Mərakeş milli komandaları Afrika zonası üzrə seçmə mərhələdə qrup lideri kimi mundial vəsiqələrini təmin ediblər.
A qrupunda mübarizə aparan Tunis yığması bu gün son turda Liviyanı qəbul edib və oyun qolsuz bərabərliklə yekunlaşıb. Bununla da xallarını 14-ə çatdıran "Karfagen qartalları" Konqo Demokratik Respublikasını 1 xal qabaqlayaraq xoşbəxt biletin sahibi olub.
Mərakeş isə C qrupunda son turda çətin sınaqdan üzüağ çıxmağı bacarıb. Belə ki, "Atlas şirləri" mundial vəsiqəsinə daha bir iddialı Fil Dişi Sahili səfərində 2 cavabsız qolla qalib gəiblər.
Xatırladaq ki, bununla da DÇ-2018-də iştirakını rəsmiləşdirən ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Meksika, Yaponiya, Cənubi Koreya, Almaniya, Belçika, İspaniya, İngiltərə, Polşa, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Nigeriya, Kosta Rika, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal milliləri bu vəzifənin öhdəsindən gəlmişdilər.
Ümuilikdə isə mundialda 32 komanda mübarizə aparacaq ki, qalan 6 xoşbəxt yaxın günlərdə müəyyənləşəcək.