AIBA prezidenti istefa verdi

ESTAFET/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu vəzifəsini tərk etməyə qərar verib. Bu barədə AIBA-nın rəsmi saytı xəbər yayıb.


Vu bildirib ki, bütün ömrünü həsr etdiyi sevimli idman növü naminə istefa vermək düzgün addımdır: "Mən postumdan AIBA-nın və boksun maraqlarına görə ayrılıram. İndi mən rəhbər postun tədricən yeni əllərə keçməsini təmin etməliyəm. Xidmət etməyim üçün imkan yaradan AIBA və bütün boks ictimaiyyətinə minnətdaram".


Vunun qərarından sonra AIBA rəhbərliyi razılaşıb ki, məhkəmədən şikayəti geri götürsün və İntizam Komitəsinin məsələ ilə bağlı işini dayandırsın.


Avropa Boks İttifaqının prezidenti Franko Falçinelli Dubayda keçiriləcək konqres öncəsi AIBA-nın İcraiyyə Komitəsindən Vunun assosiasiyasının fəxri prezidenti təyin olunmasını xahiş edəcək.


Qeyd edək ki, Vu 11 il öncə AIBA-nın prezidenti postunda pakistanlı Ənvər Çaudrini əvəzləyib. Noyabrın əvvəlində İcraiyyə Komitəsi onun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Müvəqqəti prezident vəzifəsi isə Falçinelliyə həvalə olunub.