OSEQEYLƏ GÖRƏ "KƏPƏZ"Ə UEFA-DAN MƏKTUB GƏLİB

ESTAFET/ UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən AFFA-ya məktub daxil olub. Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli "Kəpəz" PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb.

 

Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Qarabağ" oyununda meydan sahibinin futbolçusu Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.


Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəz"in futbolçusu Viktor Oseqeyl ilə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.


Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.