Şahmatçılarımız 2 milyon uğrunda yarışacaqlar
ESTAFET/ Xəbər verdiyimiz kimi, dekabrın 26-da Ər-Riyad (Səudiyyə Ərəbistanı) şəhərində şürətli şahmat (rapid və blits ) üzrə şəxsi Dünya çempionatı start götürəcək.
Mükafat fondu 2 milyon dollar olan yarış heç də bütün şahmatçılar tərəfindən birmənalı qarşılanmamışdı. Belə ki, bir sıra məşhur şahmatçılar insan hüquqlarının kobud pozulduğu, şahmatçıları xüsusi geyim formaları geyinməyə məcbur edən ölkədə oynamağa etiraz edərək bura gəlməkdən imtina ediblər.
Azərbaycan şahmatçıları təbii ki, imtina edənlər sırasında deyillər və mübarizəyə qoşulacaqlar.
Kişilərin yarışında 134 nəfərin arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Rəsul İbrahimov və Arkadi Naydiç şahmatı nə qədər sürətli oynaya bildiklərini göstərməlidirlər.
Qadınların mübarizəsində isə 100 iştirakçı arasında bunu Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva etməyə çalışacaq.
Dekabrın 26-27-də yarışlarda rapid, sonrakı 2 gündə isə blits növü üzrə qaliblər müəyyənləşəcək.