Formula 1-i Azərbaycan üçün vacib edən nədir?

Bu gün hər nə qədər idmanın siyasətdən ayrı olduğunu desək və eşitsək də, fikrimcə bunun belə olmadığına çox az adam şübhə edir. Çünki, böyük idman artıq böyük siyasətin bir qoluna çevrilib. Bunu sübut edəcək kifayət qədər tutarlı faktlar var. Belə faktlar sırasında fövqəlgücə sahib dövlətlərin liderlərinin Olimpiya Oyunları, futbol üzrə Dünya və qitə çempionatları və digər nüfuzlu idman tədbirlərinə ev sahibliyi etmək üçün müəyyən şəxslərə və beynəlxalq federasiyalara qarşı əl atdıqları məcburedici addımlar belə var.

 

Azərbaycan kimi fövqəlgüc sahibi olmayan dövlətlərin belə metodlardan istifadə etmə şansı təbii ki, sıfırın altındadır. Bu gün Azərbaycan idman ənənələrinə malik dövlət olaraq, dünya dövlətləri arasında özünə layiqli yer tutub. Bu amil bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququ qazanmağımızda böyük rol oynayır. Ancaq əsas amil təbii ki, bu deyil. Belə ki, istənilən idman növünə məsul beynəlxalq federasiya özünün ən nüfuzlu yarışının ilk növbədə yüksək səviyyədə təşkil olunmasında, onun daha geniş auditoriya tərəfindən izlənməsi və sevilməsində maraqlıdır.

 

Azərbaycanda isə bu heç vaxt problem olmayıb. Azərbaycan ev sahibliyi etdiyi bütün beynəlxalq mədəni və idman tədbirlərini yüksək səviyyədə təşkil etmək bacarığını artıq sübut edib. Misal olaraq, Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasını, 1-ci Avropa Oyunlarını, IV İslam Həmrəylik Oyunlarını və bir çox yarışları göstərmək olar. Adını çəkdiklərim isə heç şübhəsiz öz kateqoriyalarında ən yaxşılardı. Ölkəmizdə keçirilən Avropa Oyunlarının isə bir çox Yay və Qış Olimpiadaları səviyyəsində və daha yüksək təşkilatçılıqla baş tutduğu iştirakçılar tərəfindən birmənalı olaraq vurğulanıb.

 

Son illər ölkəmiz daha bir nüfuzlü yarışa - bütün idman növləri arasında 3 ən elitar, aristokrat növdən biri sayılan Formula 1 yarışına ev sahibliyi edir. Fikrimcə Formula 1-in bizə etibar edilməsi və ölkəmizdə keçirilməsi Azərbaycan üçün dəyəri ölçüyə gəlməyəcək qədər çox vacib bir imkandır. Təbii ki, Formula 1-in turizmə və digər sahələrə müsbət təsiri danılmazdır. Biz isə daha çox bu yarışın bizə verdiyi digər imkanlardan yararlanmağa çalışmalıyıq. Belə ki, Formula 1-in bütün iştirakçılarını – komanda rəsmilərini, pilotları, azarkeşləri, tursitləri, bir sözlə bu idmana bağlı hər kəsi Azərbaycanın bir təbliğatçısına çevirməliyik. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin artıq bu yöndə əhəmiyyətli addımlar atdığını qeyd edə bilərik. Belə ki, ölkəmizdə cəmi 2 dəfə keçirilməsinə baxmayaraq, 2017-ci il Azərbaycan Qran Prisi geridə qoyduğumuz mövsümün ən yaxşı mərhələsi seçilib. Bu isə sıradan bir uğur deyil. Onilliklərlə təcrübəyə malik ölkələr arasında ən yaxşı olaraq seçilmək, bu uğurun yüksək səviyyədə müzakirə edilməsi Azərbaycanın müxtəlif dairələrdə (həm də siyasi) özünüsübutudur.

 

BŞH Əməliyyat Şirkətinin istər jurnalistlər, istər könüllülər, istər əhali ilə apardığı məqsədyönlü fəaliyyəti bu uğurun davamlı olacağına inam yaradır. Fikrimcə, hər birimiz bu fəaliyyətə dəstək verməklə uğurda pay sahibi olmağa çalışmalıyıq.

 

Natiq NƏSİROV - nnasirov@estafet.az
“Sürətin nəbzini tut - 2” təliminin iştirakçısı