"Nəticələrdən yox, oyunlardan razı qaldım": Qurbanov
ESTAFET/ “Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Antalya hazırlığı çərçivəsində bu gün iki sınaq matçı keçirən Ağdam klubu əvvəlcə “Şkupi”, daha sonra isə “Mariupol”la qarşılaşıb. Makedoniyalılarla oyunda hesab açılmayıbsa, ukraynalılarla görüş təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 2:3.
Bu görüşləri dəyərləndirən Qurbanov fikirlərini klub saytı ilə bölüşüb: “Əvvəlcədən meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki matçda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçınılmazdır. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.
Mənbə: APASport