RİO-2016: BİR BÜRÜNC DƏ ŞƏRİFDƏN GƏLDİ, CƏMALƏDDİN MEDALSIZ QALDI
ESTAFET/ Sərbəst güləş yarışlarının ikinci günündə komandamız daha bir medal qazanıb. Buna 86 kq çəki dərəcəsində güləşən London Olimpiadasının qalibi Şərif Şərifov nail olub.
1/8 final mərhələsində çinli rəqib Şərifə müqavimət göstərə bilməyib və təmsilçimiz görüşü vaxtından əvvəl bitirib - 10:0. Ardınca polşalı güləşçi Baranovski Şəriflə görüşdən sonra xalçanı məğlub tərk etməyə məcbur olub - 7:0. Bu qələbədən sonra yarımfinala çıxan Şərifi burada son Avropa və Dünya çempionu, "rus tankı" ləqəbli Abdulraşid Sadullayev gözləyirdi. Şərifin bütün cəhdlərinə baxmayaraq finala vəsiqəni rus güləşçi qazanıb.
Bürünc medal uğrunda venesuelalı güləşçi Pedro Fuenteslə mübarizədə Şərif ağıllı taktika ilə qalib ayrılır və 2-ci Olimpiya medalına qovuşur.
Superağır çəki dərəcəsində güləşən Cəmaləddin Məhəmmədov mübarizəyə amerikalı güləşçi Tervel Dlaqnevlə başlayıb. Görüşün gedişində 5-0 hesaı ilə önə keçən güləşçimiz üstünlüyünü sonadək qoruya bilməyib. Belə ki, ikinci hissənin sonlarına yaxın amerikalı güləşçi ardıcıl fəndlər sayəsində 6-5 hesabı ilə önə keçib və görüşü qələbə ilə bitirib. Dlaqnevin yarımfinalda iranlı güləşçiyə məğlub olması Cəmaləddin bürünc arzusunun da üstündən xətt çəkib.