BAKU-2016: AÇILIŞ MƏRASİMİNDƏ NƏLƏR GÖZLƏNİLİR

ESTAFET/ Bu gün Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək. Olimpiadanın rəsmi saytının bildirdiyinə görə, tədbirdə rəngarəng və unudulmaz səhnələr, milli və müasir rəqslər, musiqilər o cümlədən 176 nağaraçının iştirakıyla bayraqlarla parad nümayiş etdiriləcək.

 

Təşkilatçılar müasir texnologiyanın vasitəsilə açılışda qədim oyunun yaranma tarixini göstərməyi planlaşdırır. Sonradan şahmat fiqurları Azərbaycanın müasir və qədim memarlıq abidələrinə çevrilməklə tamaşaçıları heyran edəcək.

 

Azərbaycanın məşhur bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun musiqisinin müşaiyətiylə şahmat dünyası improvizə olunacaq. Rəqqaslar ritmik və dinamik kompozisiyada şahmat oyununda hər zaman davam edən mübarizəni tərənnüm edəcək.

 

Video proyeksiyanın köməyi ilə "Dünya kimi əzəli" ideyası təqdim olunacaq və Milli Gimnastika Arenasının səhnəsi qədim Azərbaycan incəsənəti - xalçaçılığın naxışlarını canlandıracaq. Keçmişin və indinin ənənələrini sintez edən səhnədə xalçaçılığın nümunələri göstəriləcək.

 

İştirakçı ölkələrin bayraqlarının paradı təşkil olunacaq. Kompleks dünya xəritəsinə çevriləcək və ritmik musiqi eləcə də 176 nağaraçının müşaiyətiylə ölkələrin bayraqları tamaşaçılara təqdim ediləcək.

 

Sonra ilk turda qara və ya ağ fiqurlarla oynayacaq komandaları müəyyənləşdirmək üçün baş hakim tərəfindən püşk atılacaq.

 

Mərasim Azərbaycan musiqisinin 5 tanınmış nümayəndəsinin çıxışıyla yekunlaşacaq. Burada caz, rok və muğamın sintezində maraqlı musiqi nömrəsi canlanacaq.

 

Sonda Bakı Şahmat Olimpiadası rəsmən açıq elan olunacaq. Ekranda E2 E4 gedişiylə sahmat saatları işə salınacaq.