"Qələbə qazanmaq üçün əsas istəkdi": Muradov

ESTAFET/ "İlk növbədə Rəşad müəllimə minnətdarlığımı bildirirəm ki, məni rəsmi oyunlara dəvət etdi. Sevinirəm ki, Avropa çempionatının seçmə mərhələsində qarşıdakı səfər matçlarına hazırlaşan heyətdə yer alıram. Şükür Allaha, hər şey qaydasındadı. İlk olaraq Kosovoyla qarşılaşırıq. Rəşad Sadıqovun sərəncamında olaraq hazırda əsas diqqəti bu rəqiblə matça yönəltmişik. Artıq bundan sonra İrlandiyayla oyunu düşünəcəyik". Bu sözləri Azərbaycanın U-21 yığmasının futbolçusu Rövlan Muradov bildirib.
Avropa çempionatının seçmə mərhələsində Kosovo və İrlandiya U-21-ləriylə səfər oyunlarına çağırılan Çexiya "Slaviya"sının 20 yaşlı hücumçusu yığmada anlaşmanın qaydasında olduğunu söyləyib: "Bu baxımdan problem yaşamırıq. Məşqlərdə çox işləyərək daha da uyğunlaşmağa çalışırıq. Qələbə qazanmaq üçün əsas istəkdi. Bu olmasa, qələbə də olmaz. Baş məşqçimiz də əsas bunu diqqətimizə çatdırır. İskək olarsa, öz oyunumuzu oynayıb, inşallah, qollarımızı vurub qələbəmizi qazanarıq".
Muradov Kosovo U-21-nin aparıcı 3-4 futbolçusu var ki, onlara xüsusi nəzarət etməli olduqlarını çatdırıb: "Düşən, qayıdan topları ələ keçirib öz oyunumuzu qurmağa çalışmalıyıq. Kosovonun zəif mövqeyi ikinci toplardı. Uzun ötürmələrlə oynayır, ancaq ikinci toplarda bir az çatışmazlığı var. Bunun üzərində xüsusi işləmişik. Çalışacağıq ki, rəqibin bu cəhətindən maksimum yararlanaq. Təbii ki, Kosovo və İrlandiya tam fərqli oyun üslubunda yığmalardı. Deməzdim ki, İrlandiya daha arzuolunmaz rəqibdi. Sadəcə, bu yığma uzun toplarla oynayır, taktikasında hündürboylu futbolçularına üstünlük verir. Ancaq arzuolunmaz komanda olmur".
Məlum olduğu ki, Kosovo ilə martın 22-dəki səfər qarşılaşmamız "CBC Sport"la canlı yayımlanacaq. Bundan 5 gün sonra İrlandiyaya keçiriləcək matçın da canlı göstərilməsi istisna olunmur. Rövlan yayımın onlarda əlavə həyəcan yaratmayacağını düşünür: "Çünki futbolçularımızın hamısı əsas heyətdə oynayan, buna layiqli olanlardı. Beynəlxalq təcrübələri az deyil. Məncə, həyəcan olmayacaq".
Mənbə: Sport24
