Qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verildi

ESTAFET/ Bu gün İtaliyanın Verona şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyinə start verilib.

 

Turnirin ilk günündə 4 təmsilçimiz mübarizəyə qoşulub. Gənc şpaqaçımız Məryəm Məlikova qrup mərhələsində Hindistan, Braziliya və Macarıstanı təmsil edən qılıncoynadanlara qalib gələrək, pley-offa adlayıb. Təmsilçimiz 1/64 finalda yaponiyalı Hana Saitoya 12:15 hesabı ilə uduzub. Qılıncoynadanımız gənc şpaqaçıların mübarizəsində 91-ci olub.


Kişilərin yarışında isə Fərrux Səfərov, Barat Quliyev və Xalid Əliyev qüvvəsini sınayıb. Qrup mərhələsində ukraynalı və rumıniyalı şpaqaçılara qalib gələn Xalid Əliyev pley-offda Çin təmsilçisi Ximmiao Qonqa 13:15 hesabı ilə uduzub. Qrup mərhələsində yalnız honkonqlu rəqibini məğlub etməyi bacaran Barat Quliyev isə mübarizəni erkən dayandırıb. Qrup mərhələsində yamaykalı və hindistanlı rəqiblərini məğlub edən Fərrux Səfərov pley-offda avstriyalı Luis Mullerə 15:14 hesabı ilə qalib gəlib. Təmsilçimiz mübarizəni 1/64 finalda dayandırıb. Şpaqaçımız macarıstanlı Tibor Andrasfiyə 8:15 hesabı ilə uduzub. Yekun siyahıya əsasən, Səfərov gənc şpaqaçıların dünya birinciliyində 118, Xalid Əliyev 138, Barat Quliyev isə 184-cü olub. 

Müəllif: Orxan NOVRUZOV