FƏRİD MANSUROVA MÜHÜM VƏZİFƏ VERİLDİ

ESTAFET/ Olimpiya, ikiqat Dünya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinə rəhbər təyin edilib. Bu münasibətlə baş tutan tədbirdə çıxış edən nazir Azad Rəhimov ilk olaraq Mirkamil Rəhimovun xatirəsinin bütün idman ictimaiyyəti üçün əziz olduğunu deyib. “Onun vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirmək üçün müzakirələr apardıq. Bu barədə cənab prezidentlə də məsləhətləşdik. Sonda Fərid Mansurovun rəhbər təyin olunmasına qərar verdik” deyə bildirib.

 

Hazırda Azərbaycanda idmanın inkişafına mane olan bəzi problemlərin olduğunu bildirən Gənclər və İdman naziri, xüsusilə, dopinq məsələsinə bundan sonra daha ciddi yanaşılacağını söyləyib: “Son Olimpiada ərəfəsində dopinq problem ilə üzləşdik. Bu məsələyə daha çox diqqət ayırmalıyıq. Eləcə də, idman məktəblərinin fəaliyyəti bir daha yoxlanılmalıdır. Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq müəyyən işlər görülüb. Bu işləri də davam etdirmək lazımdır. İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik”.

 

Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Fərid Mansurovun məsuliyyətli vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib: “Fərid Milli Olimpiya Komitəsinin üzvüdür. Onunla bir çox məsələlərdə birgə çalışmışıq. Bizə bir çox işlərimizdə kömək edib. Əminəm ki, bu işin də öhdəsindən məharətlə gələcək”.

 

Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, “Fərid Mansurovu tələbə dövründən tanıyıram. Həm Olimpiya çempionu, həm də yaradıcı insan olmaq asan iş deyil. Fəridin bacarığı və savadı ilə tapşırılan vəzifəni layiqincə icra edəcəyinə inanıram”, - deyə qeyd edib.