“Xəzər” Azərbaycan I Divizionunun qalibi oldu

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalibi müəyyənləşib. Bakının “Xəzər” klubu debüt mövsümündə qızıl medallara yiyələnib.

 

Bu gün keçirilən XXVI turda “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib. Qalibin müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın xal itkisi də rol oynayıb. Səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan paytaxt klubu üçün xal hesabını 50-yə çatdıran Elşad Əhmədovun yetirmələri əlçatmaz olub.

 


Qızıl şansını itirən “Qaradağ Lökbatan” isə 2-ci yeri təmin edib. 3-cü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirib. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb. Bürünc medalların sahibi mövsümün son turunda müəyyənləşəcək.  

Müəllif: Natiq NƏSİROV