Hərbçilərin Dünya çempionatından 2 qızıl, 3 gümüş və 6 bürünc medal
ESTAFET/ Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hərbçilər arasında keçirilən güləş üzrə 33-cü dünya çempionatı başa çatıb. Çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıb.
Qızıl medalları yığmamıza qadın güləşi üzrə 65 kq-da mübarizə aparan Ceyla Nağızadə və yunan-Roma güləşi üzrə 77 kq-da yarışan Həsən Əliyev qazandırıb.
Sərbəst güləş üzrə yığmamızın üzvü Kənan Əliyev, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.
Bürünc medalları isə yığmamıza qadın güləşçilərimizdən Sona Tumarxanova (50 kq), sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq) və Roman Bəkirov (97 kq), yunan-Romaçılardan isə Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev təmsil edib.