HDÇ-2016: KLASSİKLƏRİMİZ KOMANDA HESABINDA İKİNCİ OLDULAR
ESTAFET/ Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş medalla tamamlayıb.
80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Anriy Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Eisellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.
85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necaj, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Boudjemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyadan Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşünd 4:3 hesabı ilə uduzub və çempionatı gümüş medalla başa vurub.
Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Bu nəticə ilə yunan-Roma yığmamız 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya (61 xal) birinci, Ukrayna (52 xal) üçüncü yerdə qərarlaşıb.
İlk günün nəticələri ilə burda tanış ola bilərsiniz.
Mənbə: awf-az.rg