"Demək olar ki, futbolçular düz yoldadır": Sənan Qurbanov
ESTAFET/ “Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Albaniyanın “Kukesi” klubu ilə matçdan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov qarşılaşma barədə fikirlərini klubun saytına açıqlayıb:
“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu. Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım. Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini görə bildim. Demək olar ki, futbolçular düz yoldadır. Matçdan istədiklərimi aldım. Oyunu analizi edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.