"Neftçi"nin hazırlığı davam edir

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” hazırlıqlara ara vermədən davam edir. Dünən ilk yoldaşlıq görüşündə Makedoniyanın "Şkupi” kollektivini 2:0 hesabı ilə məğlub edən "ağ-qaralar", bu gün istirahət etmədən iki məşqə çıxıb.

 

Səhər məşqində yüngül qaçış və isinmə hərəkətlərindən sonra yoxlama oyununda əsas heyətdə meydana çıxan futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Mezzunun rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib. Digər qrup isə taktiki çalışmalardan ibarət ikitərəfli oyunla məşqi tamamlayıb.

 

Roberto Bordinin yetirmələri axşam məşqində isə fiziki ağırlıqlı tapşırıqları yerinə yetirdikdən sonra 3 qrupa bölünərək taktiki-texniki təmrinlərlə toplanışın 3-cü gününü tamamlayıb.

 

Məşqlərdə toplanışa qatılan bütün futbolçular iştirak edib.

 

Qeyd edək ki, iyulun 6-na qədər qardaş ölkədə hazırlıqları davam etdirəcək "Neftçi”, sabah da iki məşqə çıxacaq. Komandamız iyunun 28-də növbəti yoxlama görüşü keçirəcək. Rəqib isə Rumıniyanın "Dunarea Kalarası” klubu olacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV