Qitə çempionatında medal qazananlar mükafatlandırıldı
ESTAFET/ Serbiyada Avropa çempionatında 5 medal qazanan milli komandanın üzvləri federasiya rəhbərliyi və sponsor Smart Scoring şirkəti tərəfindən müvafiq pul mükafatı ilə təltif olunub.
Bu münasibətlə yığıncaqda federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov və İdarə heyətinin üzvləri Fizuli Musayev, Oqtay Məmmədov və Cahangir Babayev idmançı və məşqçiləri təbrik edərək, onlara ilin ən mötəbər yarışı, noyabrda İspaniyada Dünya çempionatında yeni zəfərlər əldə etməyi arzulayıb.
Rəsmilər çıxışlarında ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana yüksək səviyyədə diqqət və qayğısı sayəsində Azərbaycan karatesinin bu zirvəyə çatdığını bir daha xatırladıb. Hər zaman federasiyanın fəaliyyətinə dəstək olan Gənclər və İdman nazirliyinə minnətdarlıq ifadə olunub.
Mükfatlandırılan milli komandanın baş məşqçiləri Şahin Xudaverdiyev, Vahid Ayvazov, Anar Allahverdiyev, həmçinin Avropa çempionu Rafael Ağayev, gümüş mükafatçı Şahin Atamov, bürünc medalların sahibləri Roman Heydərov və Nuranə Əliyeva, eləcə də onların şəxsi məşqçiləri Fizuli Musayev, Seymur Xudaverdiyev, Vüqar Kərimov diqqət və qayğıya görə federasiya rəsmilərinə minnətdarlığını bildiriblər. Ukraynalı legioner, Avropa ikncisi İrina Zaretska və şəxsi məşqçisi Denis Morozov hazırda vətənlərində olsalar da, mükafatdan kənar qalmayıblar.
Yığıncaqda federasiya rəhbərliyi bir sıra mövzulara da toxunub. Bu ilin oktyabrında Argentinada Yeniyetmələrin Olimpiadasına lisenziya əldə olunmamasının detalları müzakirə edilib, federasiyanın tarixində ilk dəfə yaranan belə mənfi hal üçün idmançılara və məşqçi heyətinə ciddi iradlar tutulub.
Rəhbərlik tərəfindən idmançılara müəyyən tövsiyyələr verilib, o cümlədən dopinq nəzarətini daim diqqətdə saxlamaları, təlim-məşqlərdə daha da effektli üsullardan istifadə edilməsi və çatışmayan məqamların həllinə çalışılacağı söylənib.
Yay fasiləsindən sonra hazırlıqlara davam edən milli komandamızın bir neçə ölkə ilə birgə təlim-məşqlərinin planlaşdırıldığı nəzərə çatdırılıb. Karateçilərimizi avqustda İranda beynəlxalq turnir, ardından isə sentyabrda Almaniya və Yaponiyada nüfuzlu Premyer Liqa yarışları gözləyir.